
“birdenem.az”ya müraciət edən sakinlərin sözlərinə görə, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan ərazidə çoxsaylı ağacları kəsərək təbiətə ciddi ziyan vurub.
Şikayətçilər deyir ki, “KBT” MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb: “Dəfələrlə mane olmağa çalışsaq da, nəticə əldə edə bilməmişik”.
Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər.
İddialara cavab almaq üçün şirkətlə əlaqə saxlamağa cəhd etdik. “KBT” MMC-nin nə rəsmi saytlarında, nə də sosial şəbəkə hesablarındakı nömrələrinə cavab verən olmadı.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı mediada ayrı-ayrı vaxtlarda müxtəlif şikayətlər yayımlanıb.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
***
“Körpü Bina Tikinti” MMC-dən bildirilib ki, həmin ərazidə küləyin təsirindən aşma təhlükəsi yaradan köküstə qurumuş bir neçə ağac kəsilərək götürülüb. Onların əvəzinə ərazidə yeni tinglər əkilib.
Qeyd olunub ki, ərazidə yaşıllaşdırma işləri indi də davam etdirilir və yaxın müddətdə 100-dən çox yeni ağacın əkilməsi planlaşdırılır. Şirkət bu məsələdə sakinlərin narahatlığına heç bir səbəb olmadığını əlavə edib.
***
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyindən redaksiyamıza bildirildi ki, Binəqədi rayonu ərazisində “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən layihələndirilən “Dərnəgül Dəmir Yolu dayanacağının tikintisi” ilə əlaqədar olaraq bir sıra yaşıllıqlar layihə altına düşür.
Qurumun məlumatına görə, ərazidə 5 ədəd sərv, 14 ədəd şam ağacı, 61 ədəd şam, 16 ədəd sərv, 1 ədəd aylant, 1 ədəd ərgüvən və 1 ədəd zeytun ağacının götürülməsinə razılıq verilib.
Birlikdən vurğulanıb ki, yaşıllığın qorunması məqsədilə hər götürülən ağacın əvəzinə dərhal yeni tinglərin əkilməsi, həmçinin həmin tinglərə identifikasiya nömrəli birkaların bərkidilməsi tələb olunur. Bununla yanaşı, layihə ərazisində yerləşən 1 zeytun, 133 sərv və 32 şam ağacının isə xüsusi texnika və ya əl əmeyi ilə çıxarılaraq Ceyranbatan gölü ətrafında əvvəlcədən hazırlanmış yaşıllıq sahəsinə köçürülməsi nəzərdə tutulur.
Qurum bildirib ki, bütün proseslər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Binəqədi Bələdiyyəsinin rəyi əsasında həyata keçiriləcək.
Fotoda: Xəlil Göyüşov
.png)
